Günel Babayeva Bakı şəhərində doğulub və orada böyüyüb-başa çatmışdır. 176 saylı orta məktəbi bitirmişdir. 1999-cu ildə məktəblilər arasında alman dili biliklərinə görə Almaniyanın PAD təşkiıatının Almaniyada 4 həftəlik təqaüdünü qazanmışdır.
Bakalavr təhsilini 2003-cü ildə Azərbaycan Dillər Universitetinin tərcüməçi (alman-azərbaycan, azərbaycan-alman) ixtisası üzrə bitirdikdən sonra Azərbaycanda tərcüməçi olaraq özəl sektorda çalışmışdır. 2011-2013-cü illərdə maqistratura təhsilini Almaniyanın Potsdam Universitetində “Xarici Dil Linqvistikası” (Alman və rus dilləri) ixtisası üzrə almışdır. 2021-ci ilin əvvəlində Berlin Texniki Universitetində “Azərbaycanda alman dilinin hazırki vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
“Deutsch als Fremdsprache in Aserbaidschan” adlı monoqrafiyası Peter Lang beynəlxalq nəşriyyatı tərəfindən New York, Vyana, Berlin, Oksford, Varşava, Bern və digər şəhərlərdə işıq üzü görmüşdür. Almaniyanın Katolik Akademik Gənclər Birliyinin 60 illik fəaliyyəti tarixində Azərbaycandan olan ilk və yeganə təqaüdçü olmuşdur. KAAD təşkilatı Babayevanın AFR-də 3 illik doktorantura təhsilimi maliyyələşdirmişdir.
2020-2024-cü illər ərzində Berlində Euroschule, GIZ kimi özəl təhsil müəssisələrində, eyni zamanda dövlət müəssisələrində Berlinin təhsil və gənclik senatının işçisi olaraq alman dili müəllimi kimi fəaliyyət göstərmişdir. G. Babayeva kontrastiv linqvistika sahəsində elmi-məqalələrin müəllifidir.
Müasir qloballaşan dünyada bir və ya bir neçə xarici dilə yiyələnmək uğurlu karyera qurmaq imkanları baxımından olduqca vacibdir. Bir xarici dili öyrənərkən dildaşıyıcısı olan həmin xalqın ədəbiyyatı, mədəniyyəti, incəsənəti, tarixi, adən-ənənələri ilə yaxından tanış olursan. İstənilən əcnəbi dili öyrənməyin müxtəlif motivləri vardır. Bu məqamda ilk ağla gələn “Xarici dili niyə öyrənmək istəyirəm?” sualı olur. Dil öyrənmək arzusunda olan hər bir şəxs konkret motivə sahib olduqda və onu məqsədə çevirməyə calışdıqda istənilən nəticəni əldə edə bilər.
Bəs alman dilini öyrənmək istəyənlərin adətən hansı motivləri olur? Bu motivlər konkret situasiyalarla vəhdət təşkil etdikdə insan məqsədinə çata bilirmi?
Əlbəttə ki, digər dillər kimi alman dilini öyrənməyin də fərqli və rəngarəng motivləri olur: Almandilli ölkələrə səyahət etmək, Almaniyada təhsil almaq, bu ölkədə işləmək, bu dillə bağlı gələcək karyera qurmaq planı və digər fərqli istək və ehtiyaclar.
Alman dilini öyrənmək hansı hallarda asanlaşa bilər?
Əmin ola bilərsiniz ki, keyfiyyətli şəkildə alman dilinin tədris olunduğu mühit- yəni müəllimin tədris metodikası, dil, eyni zamanda ixtisas bilikləri, insani keyfiyyətləri, maraqlı dərsliklər və dərs materialları mövcuddursa, o zaman dil öyrənmək düşündüyünüzdən qat-qat asan olacaqdır. Siz müəllimin praktik və nəzəri biliklərinə söykənən keyfiyyətli dərs mühitində başlanğıcda sahib olduğunuz motivasiyanı məqsədinizə çatana qədər itirməyəcəksiniz!